SİYASƏT
Astanada Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə mərasim keçirilmişdir
Astana, 31 dekabr (AZƏRTAC). Azərbaycanın Qazaxıstandakı səfirliyi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə mərasim keçirmişdir.
Tədbirdə Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyasının üzvləri, diasporumuzun fəalları, KİV-lərin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciətinin mətni oxunmuşdur.
Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov əlamətdar bayram münasibətilə iştirakçıları təbrik etmişdir. Bildirilmişdir ki, 31 dekabr ilk dəfə 1991-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında qeyd olunmuş, sonra isə Azərbaycan Milli Məclisi həmin bayramın ölkəmizin bütün ərazisində qeyd olunması ilə bağlı qərar qəbul etmişdir.
Səfir bu qərarın tarixi əhəmiyyəti, planetin müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi və təşkilatlanması işində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri haqqında danışmış, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün Azərbaycanın tarixində böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Sonra Azərbaycan diasporunun fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilmiş, ziyafət verilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana