İQTİSADİYYAT
Astanada “TASİM”-in növbəti təqdimatı olacaqdır
Bakı, 6 iyul (AZƏRTAC). İyulun 15-16-da Qazaxıstanın paytaxtı Astanada Regional Rabitə Birliyinin (RRB) və MDB dövlət nümayəndələrinin birgə iclası keçiriləcəkdir. Tədbirdə qarşıda duran məsələlər, cari problemlər və sair mövzular ətrafında fikir mübadiləsi aparılacaqdır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda hər bir ölkənin informasiya-kommunikasiya texnologiyaları sahəsində gördüyü işlər və həyata keçirdiyi layihələr barədə məlumat veriləcəkdir. Tədbirdə RRB-nin daxili fəaliyyəti üzrə qərarların qəbulu, normativ sənədlərə dəyişikliklərin və əlavələrin edilməsi, eyni zamanda, rəhbər heyətə seçkilərin keçirilməsi nəzərdə tutulur.
İclas çərçivəsində Azərbaycanın həyata keçirdiyi “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin növbəti təqdimatı da planlaşdırılır. Təqdimat zamanı “TASİM” çərçivəsində bu günədək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışılacaqdır.