SİYASƏT
Astanada ulu öndər Heydər Əliyevin xatirəsi anılmışdır
Astana, 12 dekabr (AZƏRTAC). Azərbaycanın Qazaxıstandakı səfirliyi ulu öndər Heydər Əliyevin xatirəsini anma günü ilə bağlı mərasim keçirmişdir.
Mərasimdə Türkdilli Ölkələrin Parlament Assambleyasının beynəlxalq əlaqələr komissiyasının ikinci iclasında iştirak etmək üçün Astanaya gələn Azərbaycan Milli Məclisinin deputatı Çingiz Qənizadə, TürkPA-nın baş katibi Ramil Həsənov, Qazaxıstanın elm, mədəniyyət və incəsənət xadimləri, paytaxtda və ətraf vilayətlərdəki diasporumuzun tanınmış üzvləri, jurnalistlər iştirak etmişlər.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, səfirliyin müşaviri Şahin Əhmədov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat vermiş, Azərbaycanda dövlət quruculuğu sahəsində onun xidmətləri, siyasi, iqtisadi və mədəni sahələrdə aparılan islahatlar haqqında söhbət açmışdır.
Ramil Həsənov ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti haqqında danışmış, ümummilli liderin Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün ölkələrlə, o cümlədən türkdilli dövlətlərlə əlaqələrin qurulması və inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini vurğulamışdır.
Çingiz Qənizadə ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmlənməsi istiqamətindəki fəaliyyəti haqqında məlumat vermiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə xüsusi diqqət yetirdiyini bildirmişdir. Deputat demişdir ki, Dağlıq Qarabağın işğaldan azad olunması onun arzusu idi, inşallah ulu öndərin bu arzusu da yaxın zamanlarda yerinə yetər və əzəli torpaqlarımız erməni tapdağından azad edilər.
Astanadakı Türk Akademiyasının direktorunun birinci müavini Dusstmuxammet Nur-Axmet müstəqillik illərində Heydər Əliyevin türk dünyası qarşısındakı xidmətləri haqqında ətraflı söhbət açmışdır. Alim bildirmişdir ki, məhz bu xidmətlərinə görə Türk Akademiyası 2013-cü ilin türk dünyasında “Heydər Əliyev ili” elan olunması ideyasını irəli sürür. O qeyd etmişdir ki, indi TÜRKSOY və digər təşkilatlarla bu ideyanın reallaşması istiqamətində iş aparılır.
“Nur-Otan” Xalq Demokratik Partiyası analitik təhlil mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru, professor Kazbek Kaskenov, Qazaxıstan xüsusi xidmət orqanlarının veteranı Davlet Siximbaev, Qazaxıstanın birinci Prezidenti Muzeyinin direktoru Alma Sağınğalı və başqaları Heydər Əliyevin dünya şöhrətli siyasi xadim olduğunu söyləmiş, keçmiş SSRİ-nin ali rəhbərliyində ən yüksək pilləyə qalxmış yeganə türkdilli dövlət xadimi kimi dəyərləndirmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana