REGİONLAR
Astarada çəltik yığımına başlanılmışdır
Astara, 17 avqust (AZƏRTAC). Astara rayonunda çəltik yığımına başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, ağır zəhmət tələb edən çəltikçiliklə məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri ötən il 215 hektar sahədə çəltik yetişdirdikləri halda, bu il həmin rəqəmi 250 hektara çatdırmışlar.
Əkin mövsümündə məhsul istehsalçılarına dövlət tərəfindən subsidiyaların verilməsi rayonda bu sahənin inkişafına marağı artırmışdır. Fermerlər bu il havaların əlverişli keçməsi nəticəsində çəltik sahələrində məhsuldarlığın 20 faiz artdığını bildirmişlər. Ötən il olduğu kimi, bu il də ən çox çəltik Səncərədi icra nümayəndəliyinin əhatə etdiyi ərazidə əkilmişdir.
Rayonda çəltikçiliklə məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri daha çox “Haşimi”, “Həsəni”, “Sədri” , “Xəzər”, “Çin” və “Şaban” növlərindən olan toxumlara üstünlük verirlər.
Məhsul istehsalçıları çəltikçilikdə yüksək məhsuldarlıq əldə etmək üçün yeni toxumların əkilməsini və mini texnikadan istifadəni vacib şərt hesab edirlər.
Çəltik əkinində mineral gübrələrdən istifadə olunmadığından Astara rayonunda istehsal edilən düyü ekoloji cəhətdən ən təmiz məhsul hesab edilir.