REGİONLAR
Astarada əhalinin sayı 110 min nəfəri ötüb
Astara, 9 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Bu ilin əvvəlindən Astara rayonunda əhalinin sayı 584 nəfər və ya 0,5 faiz artaraq, oktyabrın 1-i vəziyyətinə 110301 nəfərə çatıb. Əhalinin 30,8 faizini şəhər, 69,2 faizini kənd sakinləri, 50,3 faizini kişilər, 49,7 faizini isə qadınlar təşkil edir. Bir kvadratkilometrə düşən əhalinin sayı 179 nəfər olub.
Bu barədə Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, bu ilin doqquz ayında Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən rayonda 1038 doğulan körpə qeydə alınıb, əhalinin hər 1000 nəfərinə bu göstərici 12,6 təşkil edib. Doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqdır. Körpələrdən 22-si əkiz, 3-ü isə üçəm doğulanlardır.
Bu dövrdə rayonda 445 ölüm halı qeydə alınıb, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,4 təşkil edib.
Bu ilin doqquz ayında rayon qeydiyyat şöbəsi tərəfindən 261 nikaha daxilolma və 90 boşanma halı qeydə alınıb, əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,2, boşanmaların sayı isə 1,1 olub.