MƏDƏNİYYƏT
Astarada “Xəmsə” milli intellektual oyunlarının rayon turu keçirilmişdir
Astara, 30 sentyabr (AZƏRTAC). Astara şəhərindəki Gənclər evində “Xəmsə” milli intellektual oyunlarının rayon turu keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin, Gənclər evinin, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışmasında 14-17 yaşlı yeniyetmələr iştirak etmişlər.
Yarışmada 14 komanda 3 qrupda mübarizə aparmışdır.
“Xəmsə” milli intellektual oyunlarının rayon üzrə seçim turunun final mərhələsində ən yüksək bal toplamış 4 komanda mübarizə aparmışdır.
“Əks istiqamət” (Şiyəkəran kənd 1 nömrəli tam orta məktəbi), “VIP” (Astara şəhər 2 nömrəli tam orta məktəbi) və “Gələcəyin ümidləri” (Astara şəhər 5 nömrəli tam orta məktəbi) komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülmüşlər.
Qalib komandaların üzvlərinə rayon gənclər və idman idarəsinin diplomları verilmişdir.
Rayon üzrə seçim turunun qalibi “Əks istiqamət” komandası oktyabr ayında Yardımlıda keçiriləcək respublika zona yarışında Astara rayonunu təmsil edəcəkdir.