DÜNYA
Astronomlar 18 yeni planet kəşf etmişlər
Bakı, 3 dekabr (AZƏRTAC). Amerika astronomları Günəş sistemindən kənarda ölçüləri təxminən Yupiterin kütləsinə bərabər olan və ulduzların ətrafında dövr edən, Günəşdən azı 1,5 dəfə böyük 18 yeni planet kəşf etmişlər. Bu kəşf nəzərə alınarsa, nəhəng göy cisimləri ətrafında fırlanan elmə məlum ekzoplanetlərin (Günəş sisteminin hüdudlarından kənarda) ümumi sayı 50 faizdən çox artmışdır.
Aşkar olunmuş bütün obyektlər öz ulduzlarından nisbətən uzaq orbitlərdə yerləşir. Onların arasındakı məsafə Yerdən Günəşədək olan məsafənin 0,7 hissəsinə bərabərdir.
Tədqiqatın fevral ayında dərc olunmuş məlumatlarına görə, NASA-nın “Kepler” kosmik teleskopu kosmosun dərinliklərində planet adlandırıla biləcək 54 obyekt aşkara çıxarmışdır. Ola bilsin ki, bu obyektlərdə həyat vardır. Onlar öz ulduzları ətrafındakı orbitləri boyunca, həyat üçün əlverişli zonalarda hərəkət edirlər. Həmin zonalarda temperatur nə çox yüksək, nə də çox aşağıdır, bəlkə də planetlərin səthində həyatın yaranması və mövcudluğu üçün zəruri hesab edilən su vardır. Bütövlükdə astronomlara məlum olan ekzoplanetlərin sayı 700-dən çoxdur və bu göstərici artmaqda davam edir.