SİYASƏT
ATƏT-İN BAKI OFİSİ AZƏRBAYCANDA HƏRBİ QANUNVERİCİLİK SAHƏSİNDƏ HƏYATA KEÇİRİLƏN İSLAHATLARI YÜKSƏK QİYMƏTLƏNDİRİR
Bakı, 12 fevral (AZƏRTAC). ATƏT-in Bakı ofisi Azərbaycanda hərbi qanunvericilik sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirir. Təşkilat Azərbaycanın hərbi qanunvericilik bazasının təkmilləşdirilməsində əməkdaşlığı bundan sonra da davam etdirəcəkdir.
Bu sözləri ATƏT-in Bakı ofisinin siyasi-hərbi məsələlər şöbəsinin rəhbəri Con Makqreqor Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərovla görüşündə söyləmişdir.
Ziyafət Əsgərov Milli Məclisin ATƏT-in Bakı ofisi ilə sıx əlaqələrinin mövcud olduğunu və son dövrlərdə bu əlaqələrin daha da intensivləşdiyini qeyd etmiş və demişdir ki, ötən il ATƏT-in Bakı ofisi ilə Milli Məclis silahlı qüvvələr üzərində demokratik nəzarətin gücləndirilməsi istiqamətində bir neçə tədbir keçirmişdir. Bu cür tədbirlərin faydalı olduğunu vurğulayan Z.Əsgərov əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini bildirmişdir.
Milli Məclis sədrinin birinci müavini qeyd etmişdir ki, ölkə parlamenti təhlükəsizlik və hərbi müdafiə sahəsində qanunvericilik bazasını xeyli möhkəmləndirmişdir. Təhlükəsizlik Konsepsiyası proqramı barədə məlumat verən Z.Əsgərov bir sıra qanunlar üzərində təkmilləşdirmə aparıldığını da diqqətə çatdırmışdır.
Con Makqreqor təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr barədən söz açmış, Cənubi Qafqazın iqtisadi cəhətdən ən qüdrətli dövləti olan Azərbaycanda müdafiə sahəsində görülən işləri yüksək dəyərləndirmişdir.
Görüşdə Azərbaycanın iştirakçısı olduğu qlobal layihələrdən, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsindən, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli yollarından söhbət açılmış və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.