MƏDƏNİYYƏT
ATİ-də “Skal İnternational” beynəlxalq turizm təşkilatının Bakı klubunun növbəti 6-cı toplantısı keçirilmişdir
Bakı, 6 noyabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) “Skal İnternational Bakı” beynəlxalq turizm klubunun növbəti 6-cı toplantısı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, toplantını giriş sözü ilə açan “Skal İnternational Bakı”nun rəhbəri Ruslan Quliyev cari ilin oktyabrında Avstraliyanın Sidney şəhərində keçirilən “Skal İnternational”ın konqresində təşkilatın Bakı klubunun təmsilçilərinin iştirak etdiyini vurğulamışdır. Azərbaycan artıq ikinci dəfədir ki, bu qurumun
toplantısına qatılır.
Tədbirdə 2010-cu il turizm mövsümünün yekunları müzakirə edilmiş, il ərzində görülən işlər, həyata keçirilən tədbirlər toplantı iştirakçıları tərəfindən yüksək qiymətləndirilmiş və gələcəkdə ölkə ərazisində turizmin inkişafı istiqamətində layihələrin sayının artırılmasının zəruriliyi qeyd edilmişdir. ATİ ilə turizm sənayesi arasında işgüzar əlaqələrin və məzunların işə qəbul mexanizmi müzakirə edilən məsələlər sırasında olmuşdur.
Tədbirdə gənclərin turist bələdçisi işinə cəlb olunması yolları araşdırılmış, ekoturizm və digər istiqamətlər üzrə yeni layihələrin hazırlanması, onların qrand layihəsi kimi “Skal” təşkilatına təqdim edilməsi müzakirə edilmişdir.
“Skal Bakı”nın 6-cı toplantısında turizm şirkətləri ilə mehmanxanalar arasında münasibətlər də müzakirə olunmuşdur.