İQTİSADİYYAT
Avropa İttifaqı 2050-ci ilədək elektrik enerjisinin 50 faizini küləyin köməyi ilə alacaqdır
Bakı, 6 avqust (AZƏRTAC). Avropa İttifaqında istehlak edilən elektrik enerjisinin yarısı 2050-ci ilədək küləyin köməyi ilə istehsal olunacaqdır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda Aİ ərazisində istehsal edilən bütün elektrik enerjisinin 5,3 faizi külək parklarının payına düşür. 2020-ci ildə bu göstərici üç dəfəyədək artaraq 18,4 faiz təşkil edə bilər. Bu məlumat Avropa Külək Enerjisi Assosiasiyasının (AWEA) Londonda açıqlanmış məruzəsində yer almışdır.
Avropa Komissiyasının rəsmi sənədlərində deyilir ki, 2020-ci ildə Aİ-də küləyin köməyi ilə elektrik enerjisinin ümumi həcminin 14,2 faizi qədər enerji istehsal edilməlidir. Külək parkları 2030-cu ildə elektrik enerjisinin ümumi həcminin 28,5 faizini, 2050-ci ildə isə 50 faizini istehsal edəcəkdir.
Külək energetikası daha çox Almaniyada və İspaniyada inkişaf etmişdir. Aİ-də istehsal olunan külək enerjisinin yarısı bu ölkələrin payına düşür. Böyük Britaniya, Fransa və İtaliya külək enerjisinə keçməkdə gecikirlər.