DÜNYA
Avropa İttifaqı ölkələri liderlərinin zirvə görüşünün birinci günündə əhəmiyyətli nəticələr əldə olunmamışdır
Bakı, 15 mart (AZƏRTAC). Avropa İttifaqı (Aİ) ölkələri başçılarının iqtisadi məsələlərə dair zirvə görüşünün birinci günündə əhəmiyyətli nəticələr əldə olunmamışdır.
Zirvə görüşünün materialları və görüş iştirakçılarının bəyanatları bu faktı təsdiq edir.
Görüşdə Aİ-nin inkişafının iqtisadi prioritetləri müzakirə edilmişdir. Avropa İttifaqı Şurasının başçısı Herman van Rompey martın 14-də axşamdan xeyli keçmiş mətbuat konfransında demişdir ki, prioritetlər arasında maliyyə sabitliyinin bərpa edilməsi, işsizliyə qarşı mübarizə aparılması, dövlətin maliyyə imkanlarının sabitliyinin təmin olunması məsələləri vardır. Onun sözlərinə görə, şuranın iclasında söhbət vergilərdən yayınma hallarına qarşı mübarizədə getmişdir. Zirvə görüşünün yekunlarına dair açıqlanmış sənədlərdən belə məlum olur ki, görüşdə iqtisadi artıma ziyan vurmadan “kəmərin altını bərkitmək” siyasətinin yeridilməsi, iqtisadiyyatın kreditləşməsinin bərpası məsələləri müzakirə edilmişdir.
Avrozonada böhran davam edir, dövlət xərclərinin ixtisar edilməsi ilə əlaqədar Aİ-də sosial gərginlik artır, ÜDM aşağı düşür, işsizlik baş alıb gedir.
Aİ-nin zirvə görüşündən sonra - martın 15-nə keçən gecə avrozona ölkələri liderlərinin zirvə görüşü keçirilmişdir. Görüşdə regionda maliyyə-iqtisadi vəziyyət müzakirə edilmişdir.
Martın 15-də isə Avropa Qrupunun Kiprə maliyyə yardımı göstərilməsinə həsr olunmuş növbədənkənar görüşü keçiriləcəkdir. Görüşdə avrozonanın ən kiçik iqtisadiyyatlarından birinə maliyyə dəstəyi göstərilməsinin bəzi detalları aydınlaşacaqdır. İstisna deyildir ki, planlaşdırılan maliyyə yardımının həcmi daha əvvəl müzakirə edilmiş təqribən 18 milyard avrodan 10 milyard avroyadək azaldılacaqdır.