DÜNYA
Avropa İttifaqı Qaqauziyaya maliyyə yardımı göstərəcəkdir
Kişineu, 9 fevral (AZƏRTAC). Qaqauziya Muxtar Ərazi Qurumu (MƏQ) sosial layihələrin həyata keçirilməsinə 5 milyon avro məbləğində maddi yardım alınması üçün bu ilin payızında Avropa İttifaqının proqramına daxil ediləcəkdir. Bu fikri Aİ-nin Moldovadakı nümayəndə heyətinin başçısı Dirk Şyubel Qaqauziya MƏQ-ə səfəri zamanı səsləndirmişdir.
Aİ-nin proqramı Qaqauziyada bir neçə mühüm layihənin, o cümlədən infrastrukturun və sosial əhəmiyyətli obyektlərin inkişafına istiqamətlənmiş layihələri həyata keçirməyə yönəldilmişdir. Proqram bir neçə il ərzində tətbiq ediləcəkdir. Birinci tranş 2 milyon avro təşkil edəcəkdir.
Qaqauziya MƏQ-in başçısı Mixail Formuzal artıq muxtariyyətin İcraiyyə komitəsinin idarə rəhbərlərinə Aİ-nin təqdim etdiyi vəsaitin layihələr üzrə paylanması və xərclənməsi ilə əlaqədar, dəqiq məbləğlər göstərilməklə, zəruri iş planlarını hazırlamaq barədə sərəncam vermişdir.
Aİ-nin Moldovadakı missiyasının başçısı səfər çərçivəsində Qaqauziya Xalq Məclisinin sədri Dmitri Konstantinovla da görüşmüş, Komrat şəhərində 8 nömrəli uşaq bağçasına gedərək, Moldova Respublikası Sosial İnvestisiyalar Fondunun dəstəyi ilə burada quraşdırılmış günəş batareyalarının işi ilə tanış olmuşdur. Bundan əlavə, Dirk Şyubel Beşalma, Avdarma kəndlərində və Çadır-Lunqa şəhərində olmuşdur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu