DÜNYA
Avropa İttifaqının növbəti yeddi il üçün büdcəsi razılaşdırılmışdır
Vyana, 9 fevral (AZƏRTAC). Fevralın 7-8-də Avropa İttifaqına üzv dövlətlərin dövlət və hökumət başçılarının iştirakı ilə Brüsseldə qurumun 2014-2020-ci illər üçün çərçivə büdcəsini razılaşdırmaq üçün zirvə toplantısı keçirilmişdir.
Gərgin danışıqlardan sonra keçirilmiş mətbuat konfransında Avropa İttifaqı Şurasının Prezidenti Herman van Rompuy elan etmişdir ki, Avropa liderləri müştərək cavabdehlik hissi nümayiş etdirərək, çərçivə büdcəsi barədə razılığa gələ bilmişlər.
İlk dəfə olaraq yeddiillik büdcə zərfində özündən əvvəlki dövrlə müqayisədə ixtisarlar aparılmışdır. Belə ki, 2007-ci illə müqayisədə Aİ-nin büdcəsi növbəti dövrə 34 milyard avro azalaraq 959 milyard avro təşkil etməlidir. Növbəti yeddiillik büdcədə təhlükəsizlik xərclərinə 16 milyard avro, ümumi xarici siyasətə 59 milyard avro, idarəçilik və inzibati xərclərə 62 milyard avro, təhsil, tədqiqatlar və infrastruktura 126 milyard avro, regional inkişafa 325 milyard avro, kənd təsərrüfatının inkişafına isə 373 milyard avro vəsait nəzərdə tutulmuşdur.
Xatırladaq ki, ötən il noyabrın 22-23-də keçirilmiş zirvə toplantısındakı büdcə danışıqları başda Böyük Britaniya olmaqla, bir sıra dövlətlərin ciddi müqaviməti sayəsində heç bir nəticə əldə edilmədən təxirə salınmışdı. Üzv dövlətlər tərəfindən razılaşdırılmış ümumi büdcə zərfi Avropa Parlamenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcəkdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana