İDMAN
Avropa Olimpiya Komitəsi rəqəmsal platformaların yenidən qurulmasını başa çatdırmışdır
Bakı, 28 yanvar (AZƏRTAC). Avropa Olimpiya Komitəsi (AOK) Olimpiya hərəkatı çərçivəsində komitələrarası əlaqəni təbliğ etmək məqsədilə rəqəmsal platformaların yenidən qurulmasını başa çatdırmış və yeni saytını təqdim etmişdir.
AZƏRTAC Komitənin rəsmi internet saytına istinadla xəbər verir ki, yeni saytda proqramların hazırlanması ilə yanaşı, intranet imkanları da yaradılacaqdır. Bununla da Milli Olimpiya komitələrinin üzvləri lazım olan sənədləri saytdan yükləyə biləcək və AOK-un görüşləri üçün onlayn akkreditasiya almaq imkanları əldə edəcəklər.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bildirmişdir ki, rəqəmsal platformanın yaradılması yerli Olimpiya komitələrini dəstəklədiyimizi göstərir: “Yeni sayt və sosial şəbəkə hesabı Avropa Oyunları kimi, bizim baxışlarımızın əsas tərkib hissəsi olan qurumlarla əlaqələrimizi əhəmiyyətli dərəcədə genişləndirəcəkdir”.
P.Hikki demişdir ki, icraedici komitənin son iclasında Avropa Oyunlarının Bakıda keçiriləcək açılışından əldə olunan gəlirin Milli Olimpiya komitələri və Avropa federasiyaları arasında bölüşdürülməsi qərara alınmışdır.
Yeni sayt Romadan, AOK-un mütəxəssisləri tərəfindən ən müasir sistemlə idarə ediləcəkdir. Saytda Avropa Milli Olimpiya komitələrindən alınan məlumatların müqayisəsi, eləcə də video və fotoqalereyalar yer alacaqdır. Burada, həmçinin AOK-un tədbirləri, Avropa Oyunları, Avropa Gənclər Olimpiya Festivalı və Avropanın Kiçik Dövlətlərinin Oyunları barədə məlumatlar yerləşdiriləcəkdir.
Olimpiya hərəkatını daha da təbliğ etmək və AOK-la bağlı sayta yerləşdirilən xəbərlərlə əlaqə yaratmaq üçün yeni “Twitter” hesabı yaradılmışdır.
Avropa Olimpiya Komitəsinin baş katibi Rafael Paqnozzi bildirmişdir ki, bu platforma kütləvi informasiya vasitələri və Milli Olimpiya komitələri üçün ilk əlaqədir.
Yeni sayt ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: http://www.eurolympic.org/index.php/en/