CƏMİYYƏT
Avropa Oyunlarının idmançıları "Azercell"də olublar
Bakı, 3 iyul, AZƏRTAC
İlk Avropa Oyunlarında Azərbaycanı uğurla təmsil edən Azərbaycan Milli Paralimpiya Komitəsinin idmançıları və rəhbərliyi "Azercell Telekom" MMC-də olublar.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, "Azercell"in prezidenti Vahid Mürsəliyev idmançıları Avropa Oyunlarında qazandığı böyük nailiyyətlər münasibətilə təbrik edib.
V.Mürsəliyev oyunlarda paralimpiyaçılarımız İlham Zəkiyev, Səbinə Abdullayeva və Zakir Müslümovun qələbəsini xüsusi qeyd edib. "Azercell"in prezidenti hazırda Uşaq Paralimpiya Komitəsində 50 yeniyetmənin məşğul olduğunu xatırladaraq şirkətin bundan sonra da onlara dəstək olacağını bildirib.
Milli Paralimpiya Komitəsinin prezidenti, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bu əməkdaşlığın davam edəcəyinə əmin olduğunu bildirib.
Qeyd olunub ki, Avropa Oyunlarının Azərbaycanda paralimpiya hərəkatına müsbət təsirləri olub. Nazir müavini qeyd edib ki, artıq paralimpiya üzrə dünya miqyaslı təbirlərin Bakıda keçirilməsi üçün müraciətlər edilir.
Sonda idmançılara "Azercell"dən hədiyyələr və gül dəstələri təqdim olunub, xatirə fotosu çəkilib.