İQTİSADİYYAT
Avropa Pul Viktorinasına son qeydiyyat tarixi uzadılıb
Bakı, 30 mart, AZƏRTAC
“Avropa Pul Viktorinası”nın milli mərhələsinin ilkin seçim turunun son qeydiyyat tarixi aprelin 3-dək uzadılıb.
Azərbaycan Banklar Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, aprelin 7-də 13-15 yaşlı məktəblilər arasında “Avropa Pul Viktorinası”nın milli mərhələsinin seçim turu keçiriləcək. “Avropa Pul Viktorinası” Avropanın 28 ölkəsinin məktəbliləri arasında maliyyə savadlılığı üzrə keçirilən yarışdır. Viktorina iki əsas mərhələdən - milli və Avropa finalından ibarətdir. Milli final mərhələsində qalib gələn 2 nəfər Avropa finalında iştirak etmək hüququ qazanacaq. İstər milli, istərsə də Avropa finalının qaliblərini dəyərli hədiyyələr gözləyir. Həmçinin pandemiya ilə əlaqədar şərtlər uyğun olacağı təqdirdə Avropa finalında qalib gələn məktəblilərin bu ilin yayında Brüsselə səyahəti də planlaşdırılır.
Əvvəlki illərin sualları ilə bu linkdən: https://www.ebf.eu/europeanmoneyquiz/practice/ tanış ola bilərsiniz. Həmçinin maliyyə savadlılığı ilə bağlı bilikləri artırmaq üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının Virtual Təhsil Platformasına - https://edu.e-cbar.az/course/preview.php?id=125 keçid edə bilərsiniz.
İştirak şərtləri: iştirakçı hazırda Azərbaycanda olan hər hansı bir ümumtəhsil müəssisəsində oxumalıdır; iştirakçı 13-15 yaş aralığında olmalıdır (Yəni, iştirakçının təvəllüdü 2006-cı il 11 may və 2009-cu il 14 sentyabr aralığında olmalıdır).
Mövcud epidemioloji şərait səbəbindən viktorinanın milli mərhələsinin bəzi turları və Avropa finalı onlayn platforma üzərindən təşkil ediləcək. Milli mərhələ bir neçə turdan ibarət olacaq. Bu şərtlər ilkin seçim turunu keçən iştirakçılara ətraflı izah ediləcək. Viktorinanın istər milli, istərsə də Avropa finalı üzrə sualları Azərbaycan dilində olacaq. İlkin seçim turu üçün aprelin 3-ü saat 18:00-a qədər qeydiyyatdan keçmək və müvafiq sualları cavablandırmaq lazımdır.