CƏMİYYƏT
Avropa və Mərkəzi Asiya ölkələrində hər il 1,4 milyon adam havanın çirklənməsindən ölür
Bakı, 14 iyun, AZƏRTAC
Avropa və Mərkəzi Asiya ölkələrində havanın çirklənməsi ciddi xəstəliklərə səbəb olur və hər il 1,4 milyon insanın vaxtsız ölümünə səbəb olur ki, bu da regionda bütün ölüm hallarının 15 faizini təşkil edir.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bu fikri Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Bürosunun rəhbəri Jujanna Yakab Çexiyada Ətraf Mühit və Sağlamlığın Qorunması Konfransında çıxışı zamanı söyləyib.
“Dayanıqlı inkişaf dövründə biz ətraf mühitin çirklənməsi ilə bağlı olan 1,4 milyon ölüm halının qarşısını ala bilərik. Bunun üçün biz sağlamlıq məsələlərini dövlət idarəçiliyinin bütün sektorlarının siyasi prioritetlərinə daxil etməliyik”, - deyə Jujanna Yakab bildirib.
İyunun 15-dək davam edəcək konfransda DST-nin Avropa regionuna 53 üzv ölkədən 450 nümayəndə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Onlar insanların sağlamlığı üçün ekoloji risklərin azaldılması üzrə tədbirləri nəzərdə tutan Deklarasiya imzalayacaqlar.
DST-nin məlumatına görə, ürəyin işemik xəstəliyinin 26 faizi, insultun 25 faizi, onkoloji xəstəliklərin 17 faizi ekoloji risk amilinin payına düşür. Aşağı gəlirli ölkələrdə ətraf mühitin çirklənməsi ilə bağlı ürək xəstəlikləri halları regionun zəngin ölkələrindən üç dəfə çoxdur.
Avropada ölümün başlıca ekoloji səbəbi nəqliyyat, sənaye müəssisələri və enerji istehsalı ilə bağlı havanın çirklənməsidir. Lakin insanlar evlərin qızdırılması və yemək bişirilməsi üçün istifadə edilən odun, kömür və digər bərk yanacaq nəticəsində mənzildə havanın çirklənməsi səbəbindən də xəstələnirlər.
2015-ci ildə bəşər tarixində ilk dəfə şəhər əhalisinin sayı kənd əhalisini ötüb. 2030-cu ilədək orta hesabla hər 10 avropalıdan 8-i şəhərlərdə yaşayacaq, bununla da çoxsaylı ekoloji risk amillərinin təsirinə məruz qalacaq.