MƏDƏNİYYƏT
Avstraliya İttifaqının Türkiyədəki və eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri Mədəniyyət və Turizm Nazirliyində olmuşdur
Bakı, 28 oktyabr (AZƏRTAC). Oktyabrın 27-də Avstraliya İttifaqının Türkiyədəki və eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri Yan Biqqs və səfirliyin ikinci katibi xanım Sara Kelli Mədəniyyət və Turizm Nazirliyində olmuşlar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşdə əsasən Azərbaycan ilə Avstraliya arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Söhbət əsnasında Ə.Qarayev Avstraliyadan olan nümayəndələri ölkəmizdə keçirilən beynəlxalq festival, tədbir və sərgilərdə iştirak etməyə dəvət etmişdir.
Yan Biqqs isə öz növbəsində turizm sahəsi üzrə təhsil alan tələbələr arasında təcrübə mübadiləsinin aparılması təklifini irəli sürmüşdür.
Sonda səfir Yann Biqqs Ə.Qarayevə səmimi qəbula görə təşəkkür etmiş, iki ölkə arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın genişlənəcəyinə əminliyini vurğulamışdır.
Görüşdə digər konkret tədbir və layihələr də müzakirə olunmuşdur.