DÜNYA
Avstraliya tam peyvənd olunmuş turistlər üçün sərhədləri açıb
Tokio, 21 fevral, AZƏRTAC
Avstraliya təqribən iki il davam edən fasilədən sonra tam peyvənd olunmuş əcnəbi turistlər üçün sərhədləri açıb.
AZƏRTAC xəbər verir ki, fevralın 21-də Avstraliya aeroportları dünyanın hər yerindən peyvənd olunmuş turistləri gətirən təyyarələri qəbul etməyə başlayıb. ABŞ, Kanada və digər ölkələrdən gələn sərnişin təyyarələri bir-birinin ardınca Sidneyin ən böyük hava limanına enib.
Təyyarədən enən sərnişinləri kenquru kostyumu geymiş və əllərində zeytun budaqları tutmuş qızlar qarşılayıblar.
Jurnalistlərin qarşısında çıxış edən Avstraliyanın turizm naziri Den Tehan əmin olduğunu bildirib ki, ölkənin turizm sənayesi tezliklə özünü bərpa edəcək.
Xatırladaq ki, Avstraliya 2020-ci ilin martında koronavirusun yayılmasının qarşısını almaq məqsədilə əcnəbi turistlərin ölkəyə gəlişinə qadağa tətbiq edib. Lakin Kanberra bir qədər sonra bəzi ölkələrdən, o cümlədən Yaponiya və Cənubi Koreyadan gələnlər üçün məhdudiyyətləri yumşaldıb.
Əlavə olaraq qeyd edək ki, Avstraliya ştatlarının əksəriyyəti tam peyvənd olunan turistlər üçün özünütəcrid tələbini aradan qaldırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio