DÜNYA
Avstraliyada yeni general-qubernator and içmişdir
Bakı, 28 mart (AZƏRTAC). Martın 28-də Kanberrada Avstraliyanın yeni general-qubernatorunun andiçmə mərasimi keçirilmişdir. Yeni general-qubernator müdafiə qüvvələrinin (silahlı qüvvələr) keçmiş komandanı general Piter Kosqroyv olmuşdur.
Federal parlamentdə keçirilən mərasimdə çıxış edən Piter Kosqroyv Böyük Britaniya kraliçasına və Avstraliya xalqına sədaqət andı içmişdir. O bildirmişdir ki, ölkənin əsas dəyərlərinin, o cümlədən özünün dediyi kimi, bərabərlik, mərhəmət, vicdanlılıq, dözüm və məqsədyönlülüyün inkişafını və möhkəmləndirilməsini başlıca vəzifəsi hesab edir.
Avstraliya Britaniya Birliyinin tərkibinə daxildir və dövlətin formal başçısı Böyük Britaniya kraliçasıdır. Kraliçanı ölkədə general-qubernator təmsil edir. Onun əsas vəzifələrinə istər Avstraliyada, istərsə də onun hüdudlarından kənarda müxtəlif rəsmi tədbirlərdə dövlətin maraqlarının təmsil olunması, Kanberrada yüksək vəzifəli xarici siyasətçilərin qəbul edilməsi aiddir.
General-qubernator hökumətin başçısının və federal nazirlərin andiçməsini təşkil edir, hökumətin təqdimatı üzrə federal hakimlərin və səfirlərin namizədliklərini təsdiqləyir.
Altmış altı yaşlı Piter Kosqroyvu ölkədə yaxşı tanıyırlar: 2001-ci ildə o, Avstraliyada “İlin adamı” seçilmişdir.
Piter Kosqroyv Avstraliyanın 26-cı general-qubernatoru olmuşdur. O, bu vəzifədə ilk qadın olan Kventin Braysı əvəz etmişdir.
Çərşənbə axşamı baş nazir Toni Abbott 1986-cı ildə ləğv olunmuş Avstraliya Ordeninin - Britaniya modeli əsasında yaradılmış, avstraliyalıların öz ölkələri qarşısında mühüm xidmətlərinin təsdiqlənməsi institutunun bərpası haqqında qərarı elan etmişdir. Hökumətin başçısı bildirmişdir ki, bu Ordenin ilk xanımı Kventin Brays, ilk rltsarı isə Piter Kosqroyv olacaqlar.