İQTİSADİYYAT
Avstriyalı mütəxəssis elektron hökumət və elektron xidmətlərin təşkili sahəsində Azərbaycanda görülən işləri yüksək qiymətləndirib
Bakı, 14 yanvar, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) təşəbbüsü ilə Rəqəmsal Avstriya Platformasının xüsusi nümayəndəsi Kristian Rup ölkədə elektron hökumət, elektron xidmətlər və elektron kommersiya sahəsində mövcud vəziyyətin təhlili və sahənin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması üçün Azərbaycana dəvət olunub.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar RYTN-in Məlumat Hesablama Mərkəzində təşkil olunan seminarda K.Rup Avstriyada elektron hökumətin və elektron xidmətlərin təşkilinə dair geniş təqdimatla çıxış edib.
Kristian Rupun Azərbaycana səfəri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.
Rəqəmsal Avstriya Platforması Avstriya hökumətinin elektron hökumət və informasiya kommunikasiya texnologiyaları sahəsinin əlaqələndirici qurumudur.
Elektron xidmətlərin təşkili sahəsində Avstriya Avropa İttifaqının ən qabaqcıl ölkələrindən biridir. Avstriyalı mütəxəssis ölkədə olduğu dövrdə Azərbaycanda elektron hökumətin təşkili ilə bağlı cari vəziyyətlə tanış olub. Bununla əlaqədar ölkənin "Elektron hökumət" portalının operatoru olan nazirliyin Məlumat Hesablama Mərkəzi və qurumlarda görüşlər keçirib. K.Rup elektron hökumət və elektron xidmətlərin təşkili sahəsində Azərbaycanda görülən işləri yüksək qiymətləndirib.
Qeyd edək ki, son görülmüş işlərin nəticəsi olaraq artıq "Elektron hökumət" portalında (www.e-gov.az) elektron xidmətlərin sayı 430-a çatıb.