İQTİSADİYYAT
“Axens” şirkəti SOCAR GPC layihəsi üzrə imzalanan texnologiya lisenziyası müqaviləsini təsdiqləyib
Bakı, 18 yanvar, Nihad Budaqov, AZƏRTAC
Fransanın “Axens” şirkəti SOCAR GPC layihəsi çərçivəsində SOCAR-la imzaladığı texnologiya lisenziyası müqaviləsini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir. Bildirilir ki, illik gücü 32 min ton olan şirkətin “Alphabutol” qurğusu Qaradağ rayonunda quraşdırılacaq və SOCAR GPC layihəsinin bir hissəsi olacaq.
“Biz “Alphabutol” texnologiya ilə SOCAR GPC layihəsinin bir hissəsi olmaqdan şadıq. Bu, uğurlu təcrübəyə malik etibarlı və iqtisadi cəhətdən səmərəli prosesdir. Biz SOCAR-ın neft emalı layihələrində iştirak etmişik, indi isə SOCAR GPC layihəsində birgə çalışacağıq”, - deyə “Axens”in baş icraçı vitse-prezidenti Kristian Dupraz bildirib.
Qeyd edək ki, ötən il dekabrın 20-də SOCAR GPC layihəsi çərçivəsində müasir texnologiyaların tətbiq olunması ilə təbii qazın mükəmməl emalı və yüksək keyfiyyətli polimer məhsulları istehsal edilməsi məqsədilə SOCAR-la dünyanın neft-kimya sənayesində mühüm texnologiyalara sahib olan “Technip”, “Univation”, “Axens” və “SinopecTech” şirkətləri arasında texnologiya lisenziyası müqavilələri imzalanıb.
Respublikamız üçün mühüm əhəmiyyət kəsb edən SOCAR GPC layihəsinin Çinin İpək Yolu İqtisadi Kəməri layihəsi çərçivəsində maliyyələşdirilməsi planlaşdırılır. Layihə Azərbaycanda hasil edilən təbii qaz və qaz-kondensat xammalının emalı, C2+ fraksiyalarının polimerləşməsi, əldə olunan polietilen və propilen məhsullarının Türkiyə, Qərbi Avropa və Çin kimi ölkələrə ixrac edilməsini nəzərdə tutur. Polietilen məhsullarının ixracına 2022-ci ildə başlanılması proqnozlaşdırılır.
Layihə çərçivəsində illik istehsal gücü 10 milyard kubmetr olan qaz emalı zavodu və qaz-kimya zavodunun (bu zavodların həmin seqmentlər üzrə dünyadakı ən böyük müəssisələrdən olması nəzərdə tutulur) inşa edilməsi, qaz-kimya zavodunun tərkibində fəaliyyət göstərəcək istehsal gücü ildə 610 min ton olan qazla işləyən piroliz qurğusunun, istehsal gücü ildə 600 min ton olan polietilen qurğusunun, habelə Buten-1 və Hexen-1 qurğularının quraşdırılması, həmin zavod və qurğulara xidmət göstərmək üçün ümumzavod təsərrüfatı və yeni İstilik Enerji Mərkəzinin yaradılması planlaşdırılır. SOCAR GPC layihəsinin mühəndis-konstruktor və tikinti işlərinin dünyanın aparıcı lisenziarları tərəfindən hazırlanan layihələr əsasında Azərbaycan şirkətlərinin dəstəyi ilə mühəndislik, satınalma və tikinti layihələri sahəsində geniş təcrübəsi olan “HQC” şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.