“Azadlıq” və “Fəvvarələr” meydanlarında inşa edilən parkinqlər ilin sonunda istifadəyə veriləcəkdir
Bakı, 19 noyabr (AZƏRTAC). Bakı şəhərində avtomobil sıxlığının və tıxaclarının qarşısının alınması məqsədilə ardıcıl tədbirlər görülür. Onlardan biri də şəhərin mərkəzi hissəsində parkinqlərin tikintisidir.
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, “Azadlıq” meydanında, 2000-dək avtomobil tutumu olan ikimərtəbəli dayanacağın tikintisi işləri tamamlanmaq üzrədir. Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə tikilən obyektin bu ilin dekabrında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
“Fəvvarələr” meydanında tikilən yeddimərtəbəli 500 avtomobil yerlik dayanacaq xüsusi layihəyə əsasən, həmin əraziyə uyğunlaşdırılaraq inşa olunur. Tikintisinə ötən ilin sonunda başlanılmış dayanacaq cari ilin axırında istifadəyə veriləcəkdir.