İQTİSADİYYAT
AZAL Avropa uçuşlarını Azərbaycan üzərindən həyata keçirməyə və keyfiyyətli xidmət göstərməyə hazırdır
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycanın hava məkanından hər gün 400-500-ə qədər təyyarə xarici uçuşlar həyata keçirir. Belə halda yeni avadanlıqlardan əlavə yeni proqramlardan və yeni texnologiyalardan da istifadə etmək lazımdır.
Bunu jurnalistlərə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin vitse-prezidenti Arif Məmmədov bu gün Bakıda AZAL ilə “Eurocontrol” Hava Naviqasiyasının Təhlükəsizliyi üzrə Avropa Təşkilatı arasında imzalanan Sazişə münasibət bildirərək deyib.
AZAL-ın vitse-prezidenti bildirib ki, “Eurocontrol” təşkilatı Avropa İttifaqının uçuşların təhlükəsizliyi təşkilatıdır. Bu təşkilata üzv ölkələr qabaqcıl texnologiyalardan istifadə edir və həmin texnologiyalar, proqramlar Azərbaycana gətiriləcək. Müqaviləyə əsasən bundan sonra Azərbaycanın hava məkanından daha səmərəli istifadə etmək mümkün olacaq.
“Azərbaycan üzərindən uçan təyyarələrin planlarını tərtib etməkdə onlar bizə kömək edəcək. Bu planların Avropa dövlətlərinə paylanmasını da “Eurocontrol” Azərbaycan üçün həyata keçirəcək. Bu da öz növbəsində Azərbaycana daha çox yeni təyyarələri cəlb etmək imkanı yaradacaq. Biz Avropa uçuşlarını Azərbaycan üzərindən həyata keçirməyə və keyfiyyətli xidmət göstərməyə hazırıq”,- deyə Arif Məmmədov bildirib.