İQTİSADİYYAT
AZAL ilk rəsmi spottinqi elan edir
Bakı, 23 iyun, AZƏRTAC
“Azərbaycan Hava Yolları” Azərbaycan mülki aviasiyası tarixində ilk dəfə Bakı Heydər Əliyev Beynəlxalq Aeroportunda rəsmi spottinq-tədbiri barədə elan edir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rəsmi spottinq iyulun 1-də və 2-sində keçiriləcək.
Fotoqraflara təyyarələrin uçuşu və enişi, yerüstü aerodrom xidmətlərinin işi, hava gəmilərinin yedəklənməsini və sair foto-yaddaşa almaq üçün unikal imkan yaradılacaq. Tədbir Baş Aviasiya Təhlükəsizliyi İdarəsinin (ATİ) əməkdaşlarının müşayiəti ilə keçiriləcək.
Qeyd edək ki, iştirak üçün ərizələr iyunun 23-dən 29-dək [email protected] e-mail ünvanına qəbul edilir. Məktubun mövzu hissəsində “Spottinq üçün ərizə”, mətndə isə ad, soyad və ata adı, əlaqə telefonu və hava limanının ərazisinə keçirilməsi planlaşdırılan foto avadanlığın siyahısını qeyd etmək lazımdır. Həmçinin fotoşəkillərin dərc ediləcəyi veb sayt və ya sosial şəbəkələrdə səhifələr (əgər varsa) göstərilməsi xahiş edilir.
Tədbirin keçiriləcəyi iyulun 1-də peşəkar fotoqraflar və bu kimi tədbirlərdə əvvəlcədən iştirak etmiş şəxslər üçün spottinq, iyulun 2-də isə foto və aviasiya həvəskarları üçün spottinq təşkil ediləcək. İştirakçıların minimum yaş həddi 18-dır.
Spottinqdə iştirakın təsdiqi kimi "Azərbaycan Hava Yolları" QSC-nin əməkdaşları tərəfindən göndərilən cavab məktubu olacaq.
Daha ətraflı məlumat üçün “Azərbaycan Hava Yolları”nın rəsmi Facebook səhifəsi www.facebook.com/azalqsc müraciət etmək olar.