İQTİSADİYYAT
AZAL Türkiyənin məşhur kurort şəhərlərinə yeni uçuş proqramını açıqlayıb
Bakı, 26 yanvar, AZƏRTAC
“Azərbaycan Hava Yolları” (AZAL) Türkiyənin məşhur kurort şəhərləri - Antalya, Bodrum, İzmir və Dalamana yeni uçuş proqramını açıqlayıb. Aviaşirkət bu il yeni istiqamətə - Alanya (Gazipaşa Beynəlxalq Hava Limanı) şəhərinə uçuşlara başlayır.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı-Bodrum-Bakı reysləri iyunun 17-dən başlayaraq hər gün həyata keçiriləcək. Bu istiqamətdə aviabiletin qiyməti 149 avrodan başlayacaq.
Bakı-İzmir-Bakı reysləri 15 iyun tarixindən etibarən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bu marşrut üzrə aviabiletin qiyməti də 149 avrodan başlayır.
Bakı-Dalaman-Bakı reysləri 1 iyul tarixindən etibarən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Aviabiletin qiyməti isə 149 avrodur
Yeni cədvələ əsasən, Bakı-Antalya-Bakı marşrutu üzrə birbaşa uçuşlar mayın 21-dən sentyabrın 27-ə kimi hər gün, aprelin 2-dən mayın 14-ə kimi və oktyabrın 15-dən etibarən həftədə bir gün olmaqla şənbə günləri həyata keçiriləcək. Yüksək tələbat olduğu halda reyslərin sayı həftədə 14-dək artırıla bilər. Bakı-Antalya-Bakı marşrutu üzrə aviabiletin qiyməti 139 avrodan başlayır.
Bakı-Alanya-Bakı yeni birbaşa marşrut üzrə uçuşlar iyulun 4-də başlayacaq və həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək. Bakı-Alanya-Bakı marşrutu üzrə aviabiletin qiyməti 139 avrodan başlayacaq.
Uçuşlar biznes və ekonom salonlu komfortlu “Airbus A319/A320” və “Boeing 757” laynerləri ilə həyata keçiriləcək.
Yuxarıda göstərilən istiqamətlər üzrə biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür.
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün (+99412) 598-88-80; *8880 telefon nömrələri və [email protected] elektron ünvanı ilə əlaqə saxlamaq mümkündür.