İQTİSADİYYAT
AZAL və “Eurocontrol” fəaliyyətin əlaqələndirilməsi haqqında saziş imzalayıblar
Bakı, 27 noyabr, Laçın Sultanova, AZƏRTAC
Noyabrın 27-də “Azərbaycan Hava Yolları” QSC (AZAL) və Hava Naviqasiyasının Təhlükəsizliyi üzrə Avropa Təşkilatı (“Eurocontrol”) arasında ikitərəfli saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi “Eurocontrol”un Bakıda səfərdə olan baş direktoru Frenk Brenner və AZAL-ın birinci vitse-prezidenti Sabir İlyasov imzalayıblar.
Sənədə görə, tərəflər hava hərəkətinin idarə olunması üzrə fəaliyyətlərini hava axınlarının beynəlxalq idarəetmə sisteminin yaradılması yolu ilə əlaqələndirmək barədə razılığa gəliblər. Belə əlaqələndirmə hava məkanından daha səmərəli istifadə etməyə, habelə təhlükəsiz və nizamlı hava axınlarını təmin etmək üçün zəruri olan hər hansı digər tədbiri razılaşdırmağa imkan verəcək.
Sabir İlyasov qonağa AZAL-ın fəaliyyətindən, Azərbaycanda aviasiyanın inkişafından, son illərdə inşa edilmiş yeni terminallardan, aviaşirkətin aviasiya parkının genişləndirilməsi və möhkəmləndirilməsindən, dünya ölkələrinin çoxu ilə hava rabitəsi şəbəkəsinin inkişafından söz açıb.
Frenk Brenner bildirib ki, Azərbaycan “Eurocontrol” üçün mühüm tərəfdaşdır. Heydər Əliyev Beynəlxalq Hava Limanında naviqasiya sisteminin inkişaf səviyyəsinə valeh olduğunu bildirən F.Brenner deyib ki, Azərbaycan Avropa və Asiya arasında uçuşlar, habelə tranzit daşımalar həyata keçirmək üçün müstəsna coğrafi mövqeyə malikdir. “Mən Azərbaycan kimi dinamik inkişaf edən ölkə ilə əməkdaşlıq etmək üçün böyük potensial görürəm”, - deyən F.Brenner bildirib ki, Azərbaycanın hava naviqasiyası sistemi müasir Avropa standartlarına cavab verir və onun Bakıda gördüyü avadanlıq zamanı 10-15 il qabaqlayır.
AZAL-ın vitse-prezidenti Arif Məmmədov jurnalistlərə müsahibəsində imzalanan sənədə münasibətini bildirərək deyib ki, “Eurocontrol” qabaqcıl texnologiyalardan istifadə edir və imzalanmış saziş sayəsində həmin texnologiya və proqramlar Azərbaycana yol açacaq. A.Məmmədov deyib: “Azərbaycanın hava məkanından daha səmərəli istifadə olunacaq. “Eurocontrol” hava gəmilərinin uçuş planlarının tərtib olunmasında və həmin planların bütün marşrut boyu bütün Avropa ölkələrinə yayılmasında bizə kömək edəcək”.
“Eurocontrol”un başçısı imzalanma mərasimindən əvvəl “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Baş Mərkəzinin binası ilə tanış olub. Uçuşların yerdən və havadan idarə olunması zallarında, habelə aviasiya meteorologiyası şöbəsində olub. Qonaq Milli Aviasiya Akademiyasına da gedərək hava naviqasiyası kafedrasının təlim mərkəzi ilə tanış olub, pilotların, bort bələdçilərinin və dispetçerlərin hazırlandığı trenajor siniflərində olub, Azərbaycan Mülki Aviasiya Muzeyinin eksponatlarına tamaşa edib.
“Eurocontrol” təşkilatı “Vahid Avropa Səması” layihəsi çərçivəsində Ümumavropa Hava Hərəkəti Sisteminin işlənib hazırlanması məqsədi ilə 1960-cı ildə yaradılıb. Quruma 41 dövlət daxildir, mənzil-qərargahı Brüsseldə yerləşir.