MƏDƏNİYYƏT
Azər Paşa Nemətov: Aprel döyüşlərində bir daha anladıq ki, yalançı erməni mifi tezliklə darmadağın olacaq
Bakı, 3 aprel, AZƏRTAC
Aprel döyüşləri bizi böyük Qələbəyə aparan yolun başlanğıcı idi. Amma təkcə başlanğıcı idimi? Məncə, yox. Bu döyüşlər həm də 44 günlük Vətən müharibəsində tarix yazan ordumuzun çıxdığı haqq yolunun sönməz çırağı, gur işığı, xeyir-duası idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov deyib.
O bildirib ki, Aprel döyüşlərində biz bir daha anladıq ki, yalançı erməni mifi tezliklə darmadağın olacaq.
“Bir daha anladıq ki, xalqımız necə qeyrətli, ordumuz necə qüdrətlidir. Məhz bu sarsılmaz xalq, dövlət və ordu birliyinin qarşısında düşmən məhv oldu. Biz bu Qələbəni şəhidlərimizin qanı bahasına, qazilərimizin canı bahasına əldə etdik. Onların qəhrəmanlıqlarına, böyük hünərlərinə həmişə minnətdarıq. Şəhid və qazilərimizin, onların ailələrinə həmişə borcluyuq. Mən Allahıma minnətdaram ki, bu Qələbəni görməyi mənə nəsib elədi. Bu, mənim üçün çox böyük xoşbəxtlikdir. Aprel döyüşləri günlərində də, Vətən müharibəsi günlərində də biz Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin necə böyük sərkərdə olduğunun bir daha şahidi olduq. O, bütün cəbhələrdə döyüşürdü, bizi istəməyən qüvvələrin hücumuna cavab verirdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda böyük quruculuq işləri aparılır. Hamımız bu işləri mətbuatdan, televiziyadan izləyirik və qürur duyuruq. Əlbəttə, bu böyük quruculuğun təməli də Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndindən başlamışdı. İndi necə ki, Cocuq Mərcanlı abad, gözəl yurd yerimizdir, inşallah tezliklə bütün Qarabağımız da belə abad olacaq”, - deyə Xalq artisti Azər Paşa Nemətov bildirib.