MƏDƏNİYYƏT
Azər Rzazadə: “Arena Di Verona” opera və simfonik musiqisi amfiteatrındakı çıxışım xüsusilə yadda qalacaq
AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyanın Verona şəhərində keçirilən Azərbaycan musiqisi konsertinin iştirakçısı, gənc vokalçı Azər Rzazadə deyib. Onun sözlərinə görə, bu gözəl səhnədə yer almaq böyük məsuliyyət və yüksək hazırlıq tələb edir. Buna baxmayaraq konsertin uğurla keçməsi üçün əlimizdən gələni etdik. Açıq havada keçirilən konsertdə ifam zamanı yağış yağmasına baxmayaraq tamaşaçılar arenanı tərk etmədilər. Bu da Azərbaycan musiqisinin onlarda yaratdığı böyük təəssüratın göstəricisidir.
Azərbaycan dövləti tərəfindən daim dəstək gördüyünü deyən gənc vokalçı bildirib: “İştirak etdiyim bütün konsertlərdə Azərbaycanın adını həmişə yüksəltməyə çalışıram”.
Qeyd edək ki, A.Rzazadə dünyanın məşhur “La Scala” Vokal Akademiyasına qəbul olunan ilk azərbaycanlıdır. Hazırda gənc vokalçı həmin akademiyada təhsilini davam etdirir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Verona