AZƏRBAYCAN ABŞ-I STRATEJİ MÜTTƏFİQİ HESAB EDİR
Ölkəmizin ABŞ ilə bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıq etdiyini vurğulayan nazir demişdir ki, hərbi sahədə bizim əməkdaşlığımız ildən-ilə güclənir. Biz NATO ilə “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində və ABŞ-la ikitərəfli əməkdaşlığa böyük önəm veririk. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Kosovoda və Əfqanıstanda sülhməramlı, İraqda isə antiterror koalisiyasının tərkibində keçirilən əməliyyatlarda fəal iştirak edirlər.
General-polkovnik Səfər Əbiyev bildirmişdir ki, bu yaxınlarda Bakıda NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində “Kooperativ Best Effort-04” səhra təlimi keçirilməli idi. Azərbaycan bu təlimə böyük vəsaitlər ayırmış və bir il müddətində intensiv hazılıq tədbirləri görmüşdür. Çox təəssüf edirik ki, NATO rəhbərliyi təlimi ləğv etdi. Bununla belə, Azərbaycan NATO ilə “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində və ABŞ-la ikitərəfli əməkdaşlıq etməyə daha artıq dərəcədə hazırdır.
Qonaq səmimi qəbula görə təşəkkür etmiş, bu səfərin məqsədinin Azərbaycanla əməkdaşlığı daha da genişləndirməkdən ibarət olduğunu diqqətə çatdırmış və demişdir ki, ABŞ Azərbaycanla digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığı genişləndirməyə səy göstərir. Bu məsələ həmişə ABŞ-ın diqqət mərkəzindədir. ABŞ Azərbaycana İraqdakı antiterror koalisiyasında fəal iştirakına görə minnətdardır.
Sonra Azərbaycan-Amerika hərbi əməkdaşlığının perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş iştirak etmişdir.