ELM VƏ TƏHSİL
Azərbaycan alimi Odessa Hüquq Akademiyası Əqli Mülkiyyət İnstitutunun fəxri professoru adına layiq görülüb
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elmi İnnovasiyalar Mərkəzinin (EİM) tədris-təhsil mərkəzinin direktoru, professor Tərbiz Əliyev Odessa Hüquq Akademiyasının Kiyev şəhərindəki Əqli Mülkiyyət İnstitutunun elmi şurasının qərarı ilə bu elm müəssisəsinin “Fəxri professoru” diplomuna layiq görülüb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar Kiyevdə ezamiyyətdə olan T.Əliyev Ukrayna Texnologiya Akademiyasının ümumi yığıncağında iştirak edib, akademiyanın həqiqi üzvü seçilib.
EİM-in elmi şurasının növbəti iclasında iqtisadçı-alimin ezamiyyətlə bağlı məlumatı dinlənilib. O qeyd edib ki, uzun illərdir təmsil etdiyi qurumla Odessa Hüquq Akademiyasının Kiyev şəhərindəki Əqli Mülkiyyət İnstitutu arasında bağlanmış əməkdaşlıq müqaviləsi əsasında nəzərdə tutulan məsələlərin həyata keçirilməsi istiqamətində uğurlu işlər görür. Bununla yanaşı, mərkəz Ukrayna Texnologiya Akademiyası ilə danışıqlar aparır. İki qurum arasında qarşılıqlı əməkdaşlığa dair müzakirələr davam etdiriləcək.