İDMAN
Azərbaycan atleti Peruda keçirilmiş dünya birinciliyində qızıl medal qazanmışdır
Bakı, 6 may (AZƏRTAC). Perunun Lima şəhərində ağır atletika üzrə gənclər arasında dünya birinciliyi keçirilir.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan ağır atletlərindən ilk olaraq Valentin Xristov körpücük üzərinə çıxmışdır.
Böyüklər arasında ikiqat Avropa çempionu olan idmançımız 62 kiloqram çəki dərəcəsində mübarizə aparmışdır.
Birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirən V.Xristov, əvvəlcə 130, sonra 135, sonda isə 138 kiloqram çəkinin öhdəsindən gəlmişdir. Bu nəticə ilə o, birdən qaldırma hərəkətdə qızıl medala yiyələnmişdir.
Təkanla qaldırma hərəkətində V.Xristov əvvəlcə 166 kiloqramı ram etmişdir. Rəqiblərinin heç biri ondan daha artıq çəkini qaldıra bilmədiyindən o, cəmi bir yanaşma ilə həm təkanla qaldırmada, həm də ümumi nəticədə qızıl medalları təmin edərək dünya çempionu adını qazanmışdır.
Belə olan halda atletimiz təkanla qaldırmada gənclər arasında dünya rekordunu yeniləmək qərarına gəlmişdir. Belə ki, atletimizin ikinci cəhdi uğursuz alınsa da, sonucu yanaşmasında istəyinə çatmışdır. Birincilikdə 178 kiloqram çəkili ştanqı başı üzərinə qaldıran V.Xristov çinli Yanq Fanın 2007-ci ildə Tayvanda müəyyənləşdirdiyi rekordu (177 kq) yeniləmişdir.
V.Xristov toplamda 316 kiloqram (138 kq + 178 kq) nəticə ilə dünya çempionu olmuşdur.