SİYASƏT
AZƏRBAYCAN AVROPAYA ENERJİ NƏQLİNİ GENİŞLƏNDİRMƏK NİYYƏTİNDƏDİR
Bakı, 17 oktyabr (AZƏRTAC). Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov San Dieqo Universitetində respublikamızda alternativ enerji mənbələrinin yaradılması və Qafqaz regionunda gedən ictimai-siyasi proseslərlə bağlı çıxış etmişdir.
O bildirmişdir ki, Azərbaycan hazırda Rusiyaya, Türkiyəyə və Gürcüstana enerji idxal edən əsas dövlətdir və Avropaya enerji nəqlini daha da genişləndirmək niyyətindədir.
Baş konsul demişdir ki, 2007-ci ildə Azərbaycan ÜDM-in artım sürətinə görə dünyada lider dövlət elan olunmuşdur.
E.Süleymanov qeyd etmişdir ki, əsas məsələ enerji mənbələrinin olması yox, onlardan necə istifadə etməkdir və Azərbaycan bunu uğurla yerinə yetirir. Diplomat demişdir: “Biz gəlirlərimizi yeni texnologiyalara yatırırıq, çünki hökumətimiz başa düşür ki, neft tükənən sərvətdir. Biz daim neftdən asılı olmaq istəmirik, biz “qara qızılı” insan kapitalına çevirmək istəyirik”.
Azərbaycanda yüksək səviyyədə dini tolerantlığın olduğunu bildirən E.Süleymanov demişdir ki, respublikamız bu sahədə digər ölkələrə nümunə ola bilər.
Müsəlman Şərqində ilk dəfə 1918-ci ildə demokratik respublikanın məhz Azərbaycanda yaradıldığını deyən baş konsul, qadınlara səsvermə hüququnun da ilk dəfə 1919-cu ildə Azərbaycanda verildiyini söyləmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan E.Süleymanov bildirmişdir ki, münaqişənin həllində ABŞ daha fəal rol oynaya bilər. Təəssüf ki, bu məsələdə ABŞ bütün gücündən istifadə etmir.