İQTİSADİYYAT
“Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan”ın baş direktoru GBA-nın idarə heyətinin üzvü seçilib
Tbilisi, 13 mart, AZƏRTAC
Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisələrindən olan “Azərbaycan Beynəlxalq Bankı (ABB)-Gürcüstan”ın baş direktoru Emil Abasbəyli “Gürcüstan Banklar Assosisasiyası”nın (GBA) idarə heyətinin üzvü seçilib. Onun bu vəzifəyə namizədliyi GBA-nın komitəsinin fevral ayında keçirilmiş iclasında irəli sürülüb. Bu günlərdə keçirilmiş geniş iclasda E.Abasbəylinin namizədliyi təsdiq olunub.
GBA 1994-cü ildə yaradılıb və bu qurum prezident və 6 nəfərlik idarə heyəti tərəfindən idarə olunur. GBA-nın əsas məqsədi Gürcüstanda bank xidmətlərinin əhatə dairəsinin genişləndirilməsinə, investisiya qoyuluşunun dəstəklənməsinə, banklar arasında əməkdaşlığın gücləndirilməsinə, bank sisteminin təhlükəsizliyinin təmin olunmasına, kreditləşmənin həcminin artması üçün yeni bank resurslarının yaradılmasına, habelə, ölkədə bank sektorunun müflisləşməsinin qarşısının alınmasına xidmət etməkdir.
“Azərbaycan Beynəlxalq Bankı (ABB)-Gürcüstan” səmərəli və şəffaf fəaliyyətinə görə Gürcüstanda seçilir. Bank şəffaflıq, daimi tərəqqi, hərtərəfli bank xidmətləri və ictimai məsuliyyət göstəricilərinə görə, universal və dinamik inkişaf edən bank standartları əsasında etibarlılıq və müasir bank sisteminin yüksək dərəcəsi nominasiyalarının qalibi olub.
Hazırda “ABB-Gürcüstan” ölkənin bank sektorunda aparıcı yerlərdən birini tutur, iri korporativ müştərilər üçün əsas müştəri bazasıdır.
Baş direktor E.Abasbəyli bildirib ki, fevral ayında “Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan”ın fəaliyyətə başlamasının 10 ili tamam olub. Hazırda “ABB-Gürcüstan”ın nizamnamə kapitalı 22,688,000 lari təşkil edir.
“ABB-Gürcüstan”ın əsas missiyası Gürcüstanın maliyyə bazarında Azərbaycan kapitalının mövqeyini möhkəmləndirmək və biznesin bu kapitala çıxış imkanlarını təmin etmək, Azərbaycanla Gürcüstan arasında iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verməkdir. “ABB-Gürcüstan” ölkənin bank sektorunda mövqelərini getdikcə gücləndirir, iri korporativ müştərilər üçün əsas maliyyə mənbələrindən sayılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi