ELM VƏ TƏHSİL
Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələrinin və “Araz Kursları” MMC-nin ləğv olunması qərara alınmışdır
Bakı, 18 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) beynəlxalq aləmdə rəqabət qabiliyyətinin artırılması, fəaliyyətinin səmərəliliyinin təmin edilməsi məqsədi daşıyan ardıcıl islahatları davam etdirir. Yeni iş yerlərinin açılması və istehsal sahələrinin yaradılması ilə yanaşı, az səmərəli biznes proseslərinin dayandırılması zərurətindən irəli gələn bu islahatlar bazar iqtisadiyyatı prinsiplərinə, nüfuzlu, beynəlxalq audit şirkətlərinin tövsiyələrinə, ARDNŞ-in risklərin idarə edilməsi siyasətinə əsaslanır.
Respublikamızda və azərbaycanlıların kompakt yaşadığı xarici ölkələrdə məktəb yaşlı uşaqlara, yeniyetmə və gənclərə özəl təhsil müəssisələri vasitəsi ilə xidmət göstərmək, orta təhsilə, ali təhsilin bakalavr və magistr mərhələlərinə hazırlıq xidmətləri təşkil etmək, həmçinin digər fəaliyyətləri həyata keçirmək məqsədi ilə ARDNŞ-in həmtəsisçi olduğu “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyi (ABTM) yaradılmışdır. Son dövrlərdə ABTM hüquqi cəhətdən ARDNŞ-in strukturuna daxil olan qurum statusu əldə etdiyindən onun strukturunda müvafiq dəyişikliklər aparılması zərurəti yaranmışdır.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ABTM-nin təsisçilərinin ümumi yığıncağının 2014-cü il 18 iyun tarixli qərarı ilə Birliyin təsisçisi olduğu Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) nəzdində fəaliyyət göstərən “Araz Kursları” Məhdud Məsuliyyətli Cəmiyyətinin, onun təsis etdiyi ümumtəhsil məktəblərinin fəaliyyəti ilə bağlı yaranmış əlavə xərclərin qarşısının alınması, habelə layihənin maliyyə və idarəetmə baxımından mürəkkəbliyi nəzərə alınaraq həmin qurumların ləğv olunması məqsədəmüvafiq hesab edilmişdir.
Ümumi yığıncaqda qeyd olunmuşdur ki, “Araz Kursları” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatanadək davam etdiriləcək və ABTK-da təhsil alan və əmək münasibətlərində olan şəxslərin hüquqları və mənafeləri qanunvericiliyə uyğun şəkildə təmin olunacaqdır. Belə ki, şagirdlərin və pedaqoji heyətin yeni dərs ili başlayanadək müvafiq qaydada yerləşdirilməsi üçün lazımi tədbirlər görüləcəkdir.