MƏDƏNİYYƏT
Azərbaycan Çində keçiriləcək beynəlxalq mədəniyyət Festivalında çoxşaxəli stendlərlə iştirak edəcəkdir
Bakı, 10 oktyabr (AZƏRTAC). Oktyabrın 16-dan 23-dək Çin universitetlərində Beynəlxalq mədəniyyət festivalı keçiriləcəkdir.
Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF) bu festivalda “Azərbaycan-20: inkişaf və gənclik” şüarı ilə çoxşaxəli stendlərlə iştirak edəcəkdir.
ASAİF-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hər bir universitetdə Azərbaycan stendi düzəldiləcəkdir. Stendlərdə Azərbaycana aid şəkillər, kitablar, mədəniyyətimizi təmsil edən müxtəlif jurnal və s. materiallar nümayiş olunacaqdır. Məzmun etibarı ilə stendlərin 3 qrupa bölünməsi nəzərdə tutulmuşdur. Bunlar mədəniyyətimizin təbliği, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və “Eurovision-2011” müsabiqəsində ölkəmizin birinciliyindən bəhs edən stendlərdir. Həftə ərzində, həmçinin Azərbaycan mətbəxinin, milli geyimlərimizin və musiqimizin təqdimatı da keçiriləcəkdir.
Tədbirin əsas təşkilatçılığını ASAİF-ın Çindəki nümayəndəsi Vüsal Qurbanov və Renmin Universitetinin fəal tələbəsi, qurumun üzvü Natiq Xalilov öz üzərlərinə götürmüşlər. Bundan əlavə, tədbirin keçirilməsinə Azərbaycanın Çindəki səfirliyinin və bu ölkədəki azərbaycanlı iş adamlarının, xüsusilə “Desert Rose” restoranının rəhbərliyinin də xüsusi dəstəyi olacaqdır. Tədbirdə 30-a yaxın azərbaycanlı tələbə iştirak edəcəkdir.
Ümumilikdə isə festivalda böyük əksəriyyəti Avropa dövlətləri olmaqla 67 ölkənin iştirakı nəzərdə tutulmuşdur. Tədbirdə Çinin dövlət rəsmilərinin, şəhər meriyasının, bu ölkənin mədəniyyət və təhsil nazirlərinin, həmçinin Çində fəaliyyət göstərən xarici ölkə səfirlərinin iştirakı gözlənilir.