ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universiteti ilə Oslo Universiteti arasında əməkdaşlıq uğurla davam edir
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov rəhbərlik etdiyi ali məktəblə Oslo Universiteti arasında əməkdaşlıq layihəsinin məsləhətçisi Krister Daatland ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, S.Seyidov görüşdə K.Daatlanda universitetdə pilot proqramın təkmilləşməsində verdiyi töhfələrə, Skandinaviya mərkəzinin inkişafında göstərdiyi dəstəyə, əməkdaşlıq müddətində Norveç dilinin tədrisi üçün istifadə etdiyi yeni metodlara, həyata keçirdiyi müxtəlif layihələrə görə minnətdarlığını bildirib.
Universitetlər arasındakı əməkdaşlıq layihəsinin xüsusi əhəmiyyətini vurğulayan S.Seyidov hər il bu ali məktəbin tələbə və müəllimlərinin Norveçin Oslo Universitetinin Yay məktəbində iştirak etdiklərini söyləyib. Rektor Norveç universitetləri ilə olan əlaqələr nəticəsində ADU-da Norveç dilinin mükəmməl şəkildə tədris olunduğunu və tələbələrin bu dilə marağının artdığını qeyd edib. S.Seyidov Krister Daatlandın universitetlə gələcəkdə də əməkdaşlıq edəcəyinə ümid etdiyini bildirib.
Səmimi qəbula görə təşəkkür edən Krister Daatland ADU və Oslo Universitetinin birgə layihələrinin hər iki ali təhsil müəssisəsi üçün önəmli olduğunu qeyd edib.