ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində Azərbaycan-Çin diplomatik əlaqələrinin yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 2 aprel (AZƏRTAC). Aprelin 2-də Azərbaycan Dillər Universitetində (ADU) Çin Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 21-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
ADU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Çin Dili və Mədəniyyəti Mərkəzinin direktoru Rafiq Abbasov iki ölkə arasında qarşılıqlı əməkdaşlığın təməli qoyulan tarixi gün münasibətilə iştirakçıları təbrik etmiş, Çinin Azərbaycanın müstəqilliyini tanıyan birinci ölkələr sırasında olduğunu qeyd etmişdir. O, Azərbaycan-Çin əməkdaşlığının siyasi, iqtisadi və humanitar sahədə yüksək səviyyədə və qədim tarixi kökə malik olduğunu bildirmişdir. R.Abbasov Azərbaycan və Çin arasında əlaqələrin yaranması və genişlənməsində ümummilli lider Heydər Əliyevin əhəmiyyətli rolunu xüsusi qeyd edərək ulu öndərin 1994-cü ildə Çinə tarixi səfərinə qədər olan müddəti xatırlatmışdır. Bildirmişdir ki, bu səfər iki ölkə arasında siyasi və iqtisadi etibara, xalqlar arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət göstərmişdir.
Sonra beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova ADU-nun bir sıra universitetlərlə əməkdaşlıq etdiyini, tələbə-müəllim mübadiləsi aparıldığını qeyd etmişdir. O, çin dilinin tədrisinin universitetdə mühüm rol oynadığını və bu prosesə xüsusi qayğı göstərildiyini bildirmişdir. Tələbələr bu dilin tədrisində dil biliklərinə yiyələnməklə yanaşı, eyni zamanda həmin ölkənin tarixi, mədəniyyəti və adət-ənənələrinə də bələd olurlar.
Çinin Azərbaycandakı səfirliyinin əməkdaşı Qu Min iki ölkə arasında diplomatik münasibətlərin daha da möhkəmləndiyini və öz inkişaf mərhələsində olduğunu söyləmişdir. O, Azərbaycan universitetlərində təhsil alan Çin tələbələrinin sayının ildən-ilə artdığını qeyd etmişdir.
Tələbələrdən İlahə Məmmədova və Nərgiz Niyazova elmi məruzələrlə çıxış etmiş, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan və Çin arasında əməkdaşlığın yüksəlişi naminə gördükləri genişmiqyaslı və qarşılıqlı anlaşmaya əsaslanan fəaliyyətlərindən danışmışlar.
Sonda regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisasında təhsil alan tələbələri çin dilində sülh və dostluqdan bəhs edən mahnı oxumuşlar.