CƏMİYYƏT
Azərbaycan diplomatları Livanda Qurban bayramında imkansız ailələri ziyarət ediblər
Qahirə, 11 iyul, AZƏRTAC
Azərbaycanın Livandakı səfirliyinin əməkdaşları çoxlu sayda ermənilərin yaşadığı bu ölkədəki müsəlman-türkmən kəndlərində imkansız ailələri ziyarət edərək Qurban bayramı münasibətilə onları təbrik edib, qurban əti paylayıblar.
AZƏRTAC xəbər verir ki, səfirliyin müvəqqəti işlər vəkili Şahin Pənahov Kavaşa və Aydoman kəndlərində yerli sakinlərlə görüşlər keçirib, mərkəzi meydanlarda qurbanlar kəsilib. İnsanlar əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqlarını dalğalandırıb, kəndlərin ağsaqqalları bayram günlərində göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər. Onlara səfirliyin çap etdirdiyi Azərbaycan haqqında broşürlər də paylanılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə