ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Aqrar və Türkiyənin Ağrı İbrahim Çeçen və Firat universitetləri arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır
Gəncə, 23 noyabr (AZƏRTAC).Türkiyənin Ağrı İbrahim Çeçen və Firat Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində olmuşdur. Burada keçirilən “dəyirmi masa”da müəllim və tələbə mübadiləsi ilə bağlı söhbətlər aparılmış, elmi əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor Mirdamət Sadıqov türkiyəli qonaqlara bu ali təhsil ocağı barədə, eləcə də Şərqdə ilk demokratik respublikanın fəaliyyət göstərdiyi və indi universitetin yerləşdiyi qədim bina haqqında ətraflı məlumat vermiş, belə görüşlərin tez-tez keçirilməsinin əhəmiyyətindən danışmışdır.
Görüşdə kənd təsərrüfatı mütəxəssislərinin birgə hazırlığı sahəsində əməkdaşlığın genişləndirilməsi, ekoloji kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, tələbə və doktorantların qarşılıqlı mübadiləsi, yay və qış tələbə düşərgələrinin təşkili və digər məsələlərlə bağlı müzakirələr aparılmışdır.
Sonda Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ağrı İbrahim Çeçen və Firat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.