MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı maraqlı tamaşalarla zəngindir
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı maraqlı tamaşalarla zəngindir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 1-də M.MakDonaxın “Gözəllik kraliçası”, 2-də İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər”, 5-də kiçik səhnədə P.Filipponun “Don Raffael trambonçu” tamaşaları göstəriləcək.
Noyabrın 6-da və 26-da kiçik səhnədə R.Ağayevin “Bir gecənin nağılı” nümayiş olunacaq.
Tamaşaçılar noyabrın 8-də U.Şekspirin “Romeo və Culyetta”, 9-da M.MakDonaxın “Konnemarada bir kəllə” tamaşalarına baxa bilərlər.
M.F.Axundzadənin “Hacı Qara” tamaşası noyabrın 20-də, Ə.Əmirlinin “Hasarın o üzü” 22-də, M.MakDonaxın “Yalqız Qərb”i 23-də göstəriləcək.
Noyabrın 28-də V.Siqarevin “Ağ ölüm” tamaşasının premyerası, 29-da M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”ı, 30-da İ.Əfəndiyev “Sarıköynəklə Valehin nağılı” təqdim ediləcək.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həmişə olduğu kimi, noyabr repertuarında da uşaqlar üçün bir-birindən maraqlı tamaşalar hazırlayıb.
Balaca tamaşaçılar noyabrın 1-də Ş.Perronun “Çəkməli pişik”, 2-də “Əlibaba və qırx quldur”, 8-də “Ələddinin sehrli çırağı” ərəb xalq nağıllarına baxa bilərlər.
Noyabrın 9-da və 12-də “Qoğalın nağılı”, 11-də A.Şaiqin “Tıq-tıq xanım”, 13-də Y.Şvartsın “Qırmızı papaq” tamaşaları nümayiş olunacaq.
A.Tolstoyun “Buratinonun macəraları” noyabrın 14-də, A.Lindqrenin “Balaca və damda yaşayan Karlson”u 15-də, S.S.Axundov “Qaraca qız”ı noyabrın 16-da göstəriləcək.
Teatrın kollektivi noyabrın 17-də A.Şaiqin “Danışan gəlincik”, 22-də Dilsuzun “Əlincə qalası” , 23-də P.Pançevin “Dörd əkizin nağılı” tamaşalarını göstərəcək.
Uşaqlar noyabrın 29-da E.T.A.Hofmanın “Şelkunçik”, 30-da Azərbaycan xalq nağılı “Göyçək Fatma”ya baxa bilərlər.