CƏMİYYƏT
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Belarusun təhsil və tibb müəssisəsi arasında əməkdaşlığa dair sənədlər imzalanıb
Bakı, 7 noyabr, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Belarus Diplomdansonrakı Təhsil Akademiyasının nümayəndə heyəti ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) görüş keçirilib. Nümayəndə heyətinə Belarus Diplomdansonrakı Təhsil Akademiyasının prorektoru A.Platonov və dekanı Y.Vorobyova, Belarus Respublikası Travmatologiya və Ortopediya Elmi-Praktik Mərkəzi Dövlət Müəssisəsinin direktoru, professor M.Gerasimenko da daxil idi.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov çıxış edərək müəssisələr arasında get-gedə genişlənən əlaqələrdən danışıb və bu sahədə böyük potensialın olduğunu qeyd edib. Belaruslu qonaqlar əlaqələrin genişlənməsində böyük maraqları olduğunu diqqətə çatdırıblar.
Görüşdə ADHTİ ilə Belarus Diplomdansonrakı Təhsil Akademiyası arasında qarşılıqlı əlaqələr haqqında bağlanmış memorandumun müddəti daha 3 il artırılaraq 2022-ci ilə qədər uzadılıb. Eyni zamanda, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Belarus Respublikası Travmatologiya və Ortopediya Elmi-Praktik Mərkəzi Dövlət Müəssisəsi arasında da əməkdaşlıq haqqında saziş bağlanıb.