SİYASƏT
Azərbaycan Dövlət İqtisad Universitetində dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi anılmışdır
Bakı, 11 dekabr (AZƏRTAC). Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) müasir Azərbaycan dövlətinin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Mərasimdə ADİU-nun rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətlərindən danışmışdır.
Rektor müasir Azərbaycanın inkişafının və beynəlxalq aləmdə nüfuzunun artmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamış, onun nurlu ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan tarixinin son 30 ildən artıq dövrü ümummilli liderin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamışdır. Onun əvəzsiz xidmətləri sayəsində ölkəmizdə sabitlik bərpa olunmuş, quruculuq işlərinə başlanılmışdır.
ADİU-nun dosenti Zəfər Bayramov ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən, xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən, xilaskarlıq missiyasından danışmışdır.
Digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin elm və təhsilə daim önəm verdiyini vurğulamışlar. Eyni zamanda, dahi şəxsiyyətin böyük tarixi xidmətlərindən danışmış, bütün mənalı həyatını doğma Azərbaycana, xalqımızın xoşbəxtliyinə həsr etdiyini söyləmişlər.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş tələbələrə üzvlük vəsiqələri təqdim olunmuşdur.