İQTİSADİYYAT
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası Kişineuda ECAC dövlətlərinin Mülki Aviasiya Baş Direktorlarının xüsusi müşavirəsində təmsil olunmuşdur
Bakı, 7 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Fuad Quliyev Moldovanın paytaxtı Kişineuda keçirilmiş Avropa Mülki Aviasiya Konfransına (ECAC) üzv olan dövlətlərin Mülki Aviasiya Baş Direktorlarının 62-ci xüsusi müşavirəsində iştirak etmişdir.
Dövlət Mülki Aviasiya Administrasiyasından (DMAA) AZƏRTAC-a bildirmişlər ki, tədbirdə ECAC-ın prezidenti Katalin Radu və qurumun icraçı katibi Salvatore Şikitano əvvəlki, 140-cı müşavirədən sonra keçən dövr ərzində ECAC-ın prezidenti və katibliyinin fəaliyyəti barədə məlumat vermişlər.
Müşavirədə uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin təmin olunması, ətraf mühitin mühafizəsi sahəsində ECAC-a üzv olan dövlətlər qarşısında duran vəzifələr müəyyənləşdirilmişdir.
Həmçinin müşavirə çərçivəsində bu il sentyabrın 24-dən oktyabrın 4-dək Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Assambleyasının Monrealda keçiriləcək 38-ci sessiyasında ECAC-a üzv olan dövlətlərin vahid mövqeyinin formalaşdırılmasına xüsusi diqqət yetirilmişdir. Bununla əlaqədar sessiyada müzakirəyə çıxarılacaq işçi sənədlərin layihələri razılaşdırılmış, ICAO tərəfindən qəbul edilən qərarlara ECAC-ın təsirinin artırılması imkanları müzakirə edilmişdir.
Həmçinin tədbirdən sonra DMAA-nın direktoru və Türkiyə Respublikası mülki aviasiyasının baş direktoru, Avropa Komissiyasının nəqliyyat üzrə vitse-prezidentinin kabinet rəhbəri, Avropanın Birləşmiş Aviasiya Administrasiyaları Qurumu (JAA) Tədris Mərkəzinin rəhbəri, Gürcüstan Mülki Aviasiya Agentliyinin direktoru ilə ikitərəfli görüşlər keçirilmişdir.