MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı müsabiqə elan etmişdir
Bakı, 5 dekabr (AZƏRTAC). Azərbaycan Dövlət Musiqili Komediya Teatrı bu mədəniyyət ocağının simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan etmişdir.
Müsabiqədə 18 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər. Sənədlər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında qəbul edilir.
Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev AZƏRTAC-a bildirmişdir ki, qurunun heyətində əsaslı dəyişikliklər etmək üçün belə müsabiqənin keçirilməsi çox vacibdir. Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. Hazırda teatrın binasında istər yaradıcı qrup, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Belə bir məqamda bizim öhdəmizə düşən əsas vəzifə həm aktyor, həm də orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirməkdir.
Bu gün özünün 102-ci mövsümünü yaşayan teatrda kadr çatışmazlığı vardır və bu boşluğu doldurmaq üçün yeni, istedadlı insanlara böyük ehtiyac duyuruq. Ümid edirik ki, seçim turundan sonra yaradıcı heyətdə tam yenilik nəzərə çarpacaqdır.
Bununla yanaşı, Əliqismət Lalayev qəhrəman obrazlarını yarada biləcək, səs imkanları ilə seçilən gənc və istedadlı aktyor-vokalistlərə ehtiyac olduğunu də bildirmişdir. Bu arzu ilə teatra müraciət edən gənclər arasında da seçim aparılacaqdır.