SİYASƏT
AZƏRBAYCAN DÜNYA İQTİSADİ BÖHRANINA DAVAMLI ÖLKƏLƏRDƏN BİRİDİR
Bakı, 22 yanvar (AZƏRTAC). Azərbaycan qlobal maliyyə böhranından ən az əziyyət çəkən ölkələrdən biridir. Bu ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət bir daha göstərmişdir ki, Azərbaycan iqtisadi böhrana davamlı dövlətlərdəndir.
Bu sözləri Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin müşaviri Gennadi Burbulis yanvarın 22-də Bakı Slavyan Universitetinin professor-müəllim heyəti və tələbələrlə keçirdiyi görüşdə demişdir.
G.Burbulis SSRİ-nin parçalanmasının səbəbləri, nəticələri, Rusiyanın, eləcə də keçmiş sovet ölkələrinin müstəqillik qazandıqdan sonrakı inkişaf strategiyası ilə bağlı fikirlərini bölüşmüşdür. Tanınmış siyasi xadim Rusiya Federasiyası hökumətinin müasir siyasəti və onun əsas prioritetləri barədə də ətraflı məlumat vermişdir.
Sonda iştirakçıların sualları cavablandırılmışdır.