İQTİSADİYYAT
Azərbaycan Duz İstehsalçıları İctimai Birliyi Bakı şəhəri üzrə monitorinq aparmışdır
Bakı, 31 oktyabr (AZƏRTAC). Azərbaycan Duz İstehsalçıları İctimai Birliyi (İB) Bakı şəhərində fəaliyyət göstərən duz istehsalı müəssisələrində və satış nöqtələrində monitorinq aparmışdır.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mətbuat konfransında İB-nin sədri Yaşar Nəbizadə yeni yaradılmış qurumun fəaliyyətindən danışmış və aparılmış monitorinqin nəticələrini bildirmişdir. İB ölkədə satılan duzların tərkibindəki mövcud problemləri nəzərə alaraq duz istehsalı müəssisələrində və satış nöqtələrində monitorinq keçirmişdir. İki ay ərzində aparılmış monitorinqlər əsasən Bakı şəhərini əhatə etmişdir.
Monitorinq zamanı satış nöqtələrindən əhaliyə təklif olunan keyfiyyətsiz duzların mənbəyi araşdırılmış və məlum olmuşdur ki, bu duzlar respublikadakı müxtəlif göllərdən toplanılmış və istehsal olunmuşdur. Hazırda Qaradağ ərazisində son dərəcədə təhlükəli tərkibə malik açıq duz göllərindən duz toplanaraq satışa çıxarılmaqdadır. Mövcud duz bazarında yodlaşdırılmayan, təmizlənməyən, rəngarəng qablarda qablaşdırılaraq kustar üsulla hazırlanmış keyfiyyətsiz duzların satışı davam etməkdədir. Belə duzlar isə əsasən çörək bişirmə və pendir hazırlama sexlərində istifadə olunmaqdadır.
Aparılmış monitorinq zamanı aydın olmuşdur ki, yeganə olaraq Masazır duz zavodu tam istifadə üçün yararlı duz istehsal edir. Burada istehsal olunmuş xam duz rafinasiya yolu ilə təmizlənir, dəqiq dozatorlarda yodla zənginləşdirilir, qurudulur və standartlara uyğun olaraq qablaşdırılır.
Sonda İB-nin sədri Y.Nəbizadə monitorinqlərin növbəti mərhələsinin regionlar üzrə aparılacağını bildirmişdir.