ELM VƏ TƏHSİL
Azərbaycan elmi islahatlarla müşayiət olunan yeni inkişaf mərhələsindədir
Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan elmi bəzi obyektiv və subyektiv problemlərlə xarakterizə olunan mərhələni arxada qoyub və hazırda bu sahədə islahatlarla müşayiət olunan yeni inkişaf prosesi gedir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Azərbaycan alimlərinin I Qurultayında söyləyib.
Akademik A.Əlizadə bildirib ki, elmimizdə müşayiət olunan müsbət meyillər nüfuzlu beynəlxalq reytinqlərdə konkret rəqəmlərlə təsdiq olunur. Nüfuzlu beynəlxalq informasiya bazası SCOPUS-un rəsmi hesabatında qeyd edilib ki, 2012-ci il ilə müqayisədə 2013-cü ildə Azərbaycan alimlərinin beynəlxalq əməkdaşlıq fəaliyyətində nəzərəçarpan irəliləyiş var. Belə ki, Azərbaycan alimlərinin çap olunmuş elmi əsərlərin ümumi sayında xarici alimlərlə birgə dərc etdirdiyi elmi əsərlərin payı 39.82 faizdən 45.34 faizə yüksəlib. Bu isə bir il ərzində 5,52 faiz artım deməkdir. Tədqiqat göstəricilərinə görə də, AMEA-nın mövqeyi 2013-cü ildə 66, 2014-cü ildə isə 169 pillə yüksəlib.
Biliklər iqtisadiyyatının qurulması baxımından strateji əhəmiyyətli innovativ fəaliyyət sahələrində də bəzi uğurların olduğunu bildirən akademik innovasiya göstəricisinə görə 2012-ci il ilə müqayisədə AMEA-nın mövqeyinin 2013-cü ildə 84, 2014-cü ildə isə 180 pillə yüksəldiyini qeyd edib.