SİYASƏT
AZƏRBAYCAN ENERGETİKASININ İNKİŞAFI HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR
Bakı, 12 dekabr (AZƏRTAC). Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 6-cı ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarətə gələnlər dünya şöhrətli siyasi xadimə öz ehtiram və məhəbbətlərini ifadə etməklə yanaşı, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə minnətdarlıqlarını da bildirmişlər. Onlar aydın dərk edirlər ki, xoşbəxt gələcəyə qovuşmaq üçün bütün təminatlara, ən başlıcası isə, siyasi və iqtisadi müstəqilliyə onun sayəsində nail olmuşlar.
Müdrik rəhbərin ölkə iqtisadiyyatının inkişafındakı misilsiz xidmətlərini yad edən Azərenerji ASC-nin əməkdaşı Ramazan Mehdiyev deyir:
-Ulu öndər Heydər Əliyev altı ildir ki, bizim aramızda yoxdur. Lakin biz onu unutmamışıq. Xalqımız hər an dahi rəhbərimizi xatırlayır. Ölkədə istər sovet dövründə, istərsə də müstəqilliyimizi bərpa etdikdən sonra müdrik liderimizin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı işlərin nəticələri hər an onu xatırlatmaqdadır.
Azərbaycanın energetika sənayesinin inkişafı ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinin nəticəsidir. Respublikaya rəhbərlik etdiyi birinci dövrdə onun energetika sahəsində uzaqgörənliklə həyata keçirdiyi siyasətin səmərəli nəticəsini biz bu gün hiss edirik. Müstəqilliyimizi bərpa etdikdən sonra ulu öndərin siyasi hakimiyyətə qayıdışı ilə tənəzzül etməkdə olan iqtisadiyyamız, xüsusən də energetika sahəsi dərin böhran dövrünü arxada qoyaraq, sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.
Bu gün ümummilli liderimiz aramızda olmasa da, onun siyasi ideyaları Azərbaycanın inkişafında əsas mayakdır. Onun müdrik siyasətini uğurla həyata keçirən ulu öndərimizin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyev bu sahənin əhəmiyyətini nəzərə alaraq hər an diqqət və qayğısını əsirgəmir. Məhz bu diqqətin nəticəsində son illərdə Azərbaycanın enerji təchizatının ən yüksək səviyyəyə çatdırılması məqsədi ilə yeni stansiyalar tikilib istifadəyə verilmişdir.
Azərbaycan xalqı öz müdrik oğlunun əziz xatirəsi qarşısında baş əyir.