SİYASƏT
AZƏRBAYCAN, ERMƏNİSTAN VƏ RUSİYA PREZİDENTLƏRİNİN İMZALADIQLARI BƏYANNAMƏ İNDİYƏDƏK APARILMIŞ DANIŞIQLARIN MAHİYYƏTİNİ VƏ MƏQAMLARINI ƏKS ETDİRİR
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı noyabrın 2-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentləri imzaladıqları bəyannamə mühüm sənəddir, indiyədək aparılmış danışıqların mahiyyətini və məqamlarını özündə əks etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim noyabrın 3-də keçirdiyi mətbuat konfransında söyləmişdir.
X.İbrahim demişdir ki, münaqişənin həlli ilə bağlı danışıqlarda yeni mərhələyə keçmək üçün zəmin olmalı idi. Ona görə də məhz ən yüksək səviyyədə belə bir Bəyannamənin imzalanması zərurəti yaranmışdı. Bəyannamənin mahiyyəti ondan ibarətdir ki, münaqişə siyasi yollarla həll oluna bilər. Təbii ki, siyasi yollarla həll olunan münaqişənin də məqamları və müddəaları olmalıdır. Sənəddə də məhz həmin məqamlar və müddəalar qeyd edilmişdir.
XİN mətbuat xidmətinin rəhbəri bildirmişdir ki, Azərbaycan öz siyasətini reallıqlar, inkişaf və milli maraqlar üzərində qurmuşdur. Münaqişə Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində həll olunmalıdır. İmzalanan bəyannamə də özündə əsasən bunu ehtiva edir.
X.İbrahim vurğulamışdır ki, beynəlxalq hüququn normaları və prinsipləri və eyni zamanda onların çərçivəsində qəbul olunmuş sənədlər və qərarlar vardır. Bütün beynəlxalq sənədlərdə bu mövqe birmənalıdır. Yəni ərazi bütövlüyü əsas prinsipdir.
Azərbaycan beynəlxalq hüquqa hörmət edir və münaqişənin məhz beynəlxalq hüququn normaları və prinsipləri əsasında həllinə tərəfdardır.